İçimizdə bir sənsizlik dağı var, ustad
(Esse)
Sənsiz, bu şeir gülüstanının dadı-duzu yoxdu, ey ustad, ey ulu Nizami! Səkkiz əsrdən çoxdur söz gülşəninin ləçəkləri sənin yoxluğundan dad edir…
Poeziya gülüstanında işıqlı obrazın qalıb hər təqdir edəndə, sənsizlik odu içimizi qarsır, xocam, müridim, uzman, alim təfəkkürlü, filosof qətiyyətli şairim.
«Xosrov və Şirin»dəki nigarançılıq
Fərhadın sinə dağı qədər yaxıcıdır.
«Xeyir və Şər»indəki üsyankarlıq və mübarizə cəhdləri yaşadığın mühitin acı girdabıdır, bəlli.
«İsgəndərnamə»ndəki fəhm, cəmiyyət reallığı hazırkı dönəmin uzaq təfərrüatlarıdır, bu da gerçək. «Leyli və Məcnun»dan aldığımız xoş-acı təəssüratlar çoxumuzu məftun, ya da dəli eləyib, istəsək, istəməsək də.
«Sirlər xəzinəsi»ndən
gələn ehtimal, dürüst eyham mənalı bir yaşantı qədər önəm kəsb edir aşkar şəkildə. Bütün hallarda içimizdə bir sənsizlik dağı var, ustad.
Cəmiyyət «Leyli və Məcnun»dan sanki dərs aldı, sanki nümunə götürdü. Əsrlərdir həyat neçə Məcnun, neçə Leyli yetişdirib gen vadilərdə, aşırımlı, uçqun verən düzlərdə. Həyatı acı-acı dadırıq çox vaxt Leyli-Məcnun surətində. Ya istədiyimiz hasilə yetmir, ya da istəmədiyimizi məcbur daddırırlar ovqatsız olaq deyə. Hansı səmtdən gəlir bu acı rüzgar, ustad?
O gün yuxumda «Sənsiz» romansının notları üzərində bərqərar, ahəstə vüsal tərpənişlərim vardı, sanırdım, dünyanın ən bəxtəvər sakiniyəm. Ancaq hər dəfə «Hər gecəm oldu kədər, qüssə, fəlakət, sənsiz» deyəndə, elə bilirdim Məcnun çarmıxda dad edir, Leyli soyuq məzar başında dizlərini qucaqlayıb için-için ağlayır. Qara kölgələr səsimə, səsimdəki yanğıya yığışmışdılar ürkək-ürkək. Sanki onlar da yalqızlıq, yanlışlıq üzündən pəjmürdə və soyuq idilər. Yaxına gəldikcə, bu üşüntüdən hali olurdum aşkar. Su içmək istədim, içimdə tərpənən ləngərləri dağıtmaq üçün, kimsə dedi ki, «bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da…» Sudakı lətafətə, şəfaətə və mənfi təsirə təəccüb etdim. Uzaq səmtlərə boylandım ki, səni görüm, qəfil gözlərimə kərpickəsən kişi sataşdı. O da sakit, nizamsız baxışlarını üzümə dikib dedi ki, cavan çağı əlimi bu sənətə öyrətdim ki, qocalanda kiməsə möhtac olmayım. Doğru seçim idi qocanın seçimi, ancaq bir az aralıda Sultan Səncər qoca bir qarını sürüyür, qamçı ilə vururdu. Sənin o poeman düşdü yadıma «Sultan Səncər və qarı». Amansız adamın qoca qadına etdikləri məni yaman əsəbləşdirdi, ustad. Dövranın acı təlatümü gör necə artıb. Bütün hallarda «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq bir papaqçıdan». Duyğusal hənirtilər içimdə yer eləyib özünə, hər gecəm kədər, qüssə, fəlakət olur sənsiz, ey bəxt ulduzum, ey qaraçuxam, ey ömür gülşənim, ey sultanım, ey ulu ustadım! Bu il 885 yaşın tamam olur. Səkkiz əsrdən artıqdır yaşayırsan. Doqquz əsrə yaxındır gələcəyə yol yorursan, ey bəxtəvər qoca! Hardan gəlib hara gedirsən belə surət və görkəmdə? Hansı məcradı səni özünə sığışdıran? Bizi də özünə mehman eylə! Bəlkə bu aciz, bu mənasız sıxıntılardan yaxa qurtara bildik…
«Hər gecəm oldu kədər, qüssə, fəlakət, sənsiz, hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz», ustad. Ey ulu Şeyx, dünya yalan istehkamlar qurub, şeytan günaha meydan verib, indi necə edək ki, sənsizlik buzunu parçalayaq? Anladım, demək istəyirsən ki, «Qüvvət elmdədir, başqa cür heç kəsə, heç kəsə üstünlük eyləyə bilməz». Anladım, elmə varid olmaq gərəkdir. O elmə ki, səni doqquz əsrə yaxındır filosof mərtəbəsinə çəkib, dünyanın hər yerindən görünürsən.
Bizim əsrə xoş gəldin, ustad! Sənsiz, bu şeir gülüstanının dadı-duzu yoxdu, ey ulu Nizami! Səsimizə səs ver, gücümüzü bir edək, Fərhad kimi dağ çapaq!
885 yaşın mübarək!


Nizami Gəncəvini bu qədər duyğulu, fəlsəfi və bədii dillə ifadə etmək hər qələmə nəsib olmur. Möhtəşəm yazıdır.
885 illik ömrün sözlə ucaldılmış ən gözəl təbriklərindən biridir. Müəllifi ürəkdən təbrik edirəm.
Oxuduqca elə bildim ki, müəllif Nizami ilə üz-üzə söhbət edir. Çox təsirli və yüksək ədəbi səviyyədə yazılmış essedir.
Bu yazını oxumayan Nizamini tam anlaya bilməz. Dərin düşüncə, zəngin dil və böyük sevgi bir araya gəlib.
Bu, sadəcə esse deyil, etirafdır. Oxuduqca insan həm kövrəlir, həm də düşünür. Qələminiz var olsun!
Əsərin hər cümləsində Nizami ruhu yaşayır. “İçimizdə bir sənsizlik dağı var” ifadəsi uzun illər yaddaşlardan silinməyəcək.
Essenin hər cümləsində bir Nizami ruhu yaşayır. Sona xanımın ” İçimizdə bir Sənsizlik dağı var ” ifadəsi uzun illər yaddaşlarımızdan silinməyəcək.
Sanki Nizami ilə eyni bizim dövrdəyik:-Bir azdan səsimizə səs verəcək, biz də gücümüzü bir edib hər çətinliyin öhdəsindən gələcəyik. Sona xanım öz gözəl essesi ilə Nizamini bir daha ululaşdırıb.
Sanki, dahi Nizami ilə eyni bizim dövrdəyik:- Bir azdan səsimizə səs verəcək, biz də gücümüzü bir edib, Fərhad kimi hər çətinliyin öhtəsindən gələcəyik. Sona xanım bu gözəl esse ilə Nizaminin ululuğuna bir kərpic də qoymuş olub.
Müəllif Nizami Gəncəviyə yalnız ehtiramını yox, həm də öz mənəvi dünyasını təqdim edib. Belə yazılar həqiqətən oxucu qazandırır.
Esse bitdi, amma yaratdığı təsir bitmədi. Nizami sevgisini oxucunun qəlbinə köçürən dəyərli bir əsərdir.
Belə esselər müasir Azərbaycan publisistikasının və esse janrının ən uğurlu nümunələrindəndir.
Qələminizə qüvvət!