Tarix göstərir ki, bir milləti məğlub etməyin ən asan yolu onun kitablarını, dilini və yaddaşını məhv etməkdir. Qılıncla alınan torpaq bir gün geri qaytarıla bilər, amma yaddaşı silinmiş xalqın ayağa qalxması çox çətin olur.
Türk dünyasının minilliklər boyu yaşamasının əsas səbəblərindən biri isə zəngin yazılı irsi, dastanları, əlyazmaları və elmə verdiyi dəyərdir. Orxon-Yenisey abidələrindən başlayaraq Kaşğarlı Mahmudun “Divanü Lüğətit-Türk” əsərinə, Yusif Balasaqunludan Nizami Gəncəviyə, Xaqani Şirvaniyə qədər uzanan bu böyük irs bizə göstərir ki, türk yalnız döyüş meydanında deyil, elm və fikir meydanında da qüdrətli olub.
Bu gün informasiya əsrində yaşayırıq. Artıq dövlətlərin gücü təkcə ordularla deyil, elmlə, təhsillə, kitabla və milli şüurla ölçülür. Gələcəyin qalibləri keçmişini unutmayan, tarixini düzgün öyrənən və gənc nəslə milli kimlik hissini aşılaya bilən xalqlar olacaq.
Türk dünyasının ortaq tarixi bizə bir həqiqəti xatırladır, birlik yalnız siyasi və iqtisadi əməkdaşlıqla deyil, ortaq mədəniyyətin, ortaq yaddaşın və ortaq dəyərlərin qorunması ilə möhkəmlənir. Kitabxanalar, arxivlər və elmi araşdırmalar bu birliyin görünməyən, lakin ən möhkəm sütunlarıdır.
Tarixi qorumaq keçmişə bağlı qalmaq deyil. Tarixi qorumaq gələcəyi daha möhkəm qurmaq deməkdir. Çünki yaddaşını qoruyan millət gələcəyini də qoruyur.
Müəllif:
Sona Abbasəliqızı İsmayılova
Prezident mükafatçısı
Yazıçı-Jurnalist
