18–19 iyun 2026-cı il tarixində Naxçıvanın Ordubad şəhərində III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan şəhərinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Qərbi Azərbaycan məsələsinin elmi, tarixi, hüquqi və ictimai aspektlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Konqres-festivalın əsas məqsədi Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, deportasiya və etnik təmizləmə siyasətinin nəticələrinin elmi əsaslarla təqdim edilməsi, həmçinin Qərbi azərbaycanlıların öz doğma torpaqlarına dinc və ləyaqətli qayıdış konsepsiyasının geniş şəkildə təbliği olmuşdur.
Tədbir çərçivəsində keçirilən plenar iclaslar, panel müzakirələri, kitab təqdimatları və elmi məruzələr Qərbi Azərbaycan məsələsinin müxtəlif istiqamətlərdən öyrənilməsinə imkan yaratmışdır. Təqdim olunan məruzələrdə tarixi mənbələr, arxiv sənədləri, etnoqrafik materiallar və beynəlxalq hüquq normaları əsasında Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi və mədəni məkanının ayrılmaz hissəsi olduğu vurğulanmışdır.
Konqres-festivalda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış alimlər, tədqiqatçılar, ictimai xadimlər və tələbələr iştirak etmişlər. Xüsusilə gənc nəslin tədbirdə fəal təmsil olunması Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsi və milli yaddaşın qorunması baxımından mühüm amil kimi qiymətləndirilə bilər.
Tədbirin diqqətçəkən xüsusiyyətlərindən biri də Türk dünyasının müxtəlif ölkələrindən gəlmiş elm adamlarının və ziyalıların iştirak etməsi olmuşdur. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türk dövlətlərindən nümayəndələrin tədbirdə iştirakı Qərbi Azərbaycan məsələsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyasının ortaq tarixi-mədəni irsi kontekstində dəyərləndirildiyini göstərmişdir.
Konqres-festival çərçivəsində təşkil olunan sərgilər, nəşr təqdimatları və elmi müzakirələr Qərbi Azərbaycanın zəngin mədəni irsinin, folklorunun, toponimlərinin və milli-mənəvi dəyərlərinin qorunması istiqamətində aparılan işlərin əhəmiyyətini bir daha nümayiş etdirmişdir.
Ümumilikdə, III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi, elmi tədqiqatların təşviqi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm platforma olmuşdur. Tədbir həm elmi ictimaiyyət, həm də geniş auditoriya üçün Qərbi Azərbaycana qayıdış ideyasının tarixi, hüquqi və mənəvi əsaslarını bir daha diqqət mərkəzinə gətirmişdir.
Ordubadda keçirilən III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalı Azərbaycan xalqının tarixi yaddaşının yaşadılması, Qərbi Azərbaycan irsinin qorunması və bu istiqamətdə aparılan elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan beynəlxalq səviyyəli tədbir kimi qiymətləndirilə bilər. Konqres-festivalın nəticələri Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına və bu mövzuda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Hazırladı:
Prezident mükafatçısı
Tədqiqatçı
Yazıçı-jurnalist
Sona Abbasəliqızı İsmayılova

Möhtəşəm bir tədbir keçirildi. Təşəkkürlər Sona xanım