Arazın sirrində itib-batan bir ömür

Spread the love


Səməd Behrəngi niyə bu gün də milyonların vicdanıdır?
Tarix elə insanlar yetişdirir ki, onların ömrü qısa, mənəvi ömrü isə əbədi olur. Belə şəxsiyyətlərdən biri də Güney Azərbaycanın böyük oğlu, müəllim, yazıçı, folklor toplayıcısı və azad düşüncənin carçısı Səməd Behrəngidir.
1939-cu il iyunun 24-də Təbrizdə yoxsul bir fəhlə ailəsində dünyaya göz açan Səməd Behrəngi uşaqlıqdan həyatın sərt üzünü gördü. Maddi çətinliklər içində böyüsə də, ruhunu yoxsulluğa təslim etmədi. Müəllimlik peşəsini seçdi və Azərbaycanın kəndlərini qarış-qarış gəzərək kasıb ailələrin övladlarına elm öyrətdi. O, yaxşı bilirdi ki, millətin həqiqi xilası silahdan deyil, təhsildən, ana dilindən və milli şüurdan keçir.
Səməd Behrəngi təkcə müəllim deyildi. O, xalqının dərdini qəlbində daşıyan bir yazıçı, bir ziyalı idi. Azərbaycan türklərinin folklorunu topladı, nağıllarını, atalar sözlərini, xalq ədəbiyyatını gələcək nəsillərə çatdırmaq üçün yorulmadan çalışdı.
Onun dünyaya şöhrət qazandıran “Balaca Qara Balıq” əsəri yalnız uşaqlar üçün yazılmış nağıl deyil. Bu əsər azadlığın, cəsarətin, haqq uğrunda mübarizənin və sərhədləri aşan düşüncənin rəmzidir. Kiçik balığın böyük dənizə doğru üzməsi, əslində, azad yaşamaq istəyən insanın taleyidir.
Səməd Behrənginin zəngin yaradıcılığı “Bir Şaftalı Min Şaftalı”, “24 Saat Yuxuda və Oyaq”, “Çuğundur Satan Oğlan”, “Koroğlu və Keçəl Həmzə”, “Bir Günlük Xəyal və Həqiqət”, “Ulduz və Qarğalar”, “Ulduz və Danışan Gəlincik” kimi əsərlərlə daha da zənginləşmişdir. Onun bütün yaradıcılığı insanı düşünməyə, cəmiyyətə başqa gözlə baxmağa və azad yaşamağa çağırır.
1968-ci il avqustun 31-də cəmi 29 yaşında Araz çayında müəmmalı şəkildə həyatını itirdi. Rəsmi məlumatlarda onun boğulduğu bildirilsə də, uzun illərdir bu ölümün təsadüfi olmadığı barədə müxtəlif fikirlər və araşdırmalar mövcuddur. Araz o gün bir gənc müəllimi öz qoynuna aldı, amma onun ideyalarını, qələmini və adını boğa bilmədi.
Bu gün Araz çayına baxanda elə bilirsən ki, dalğalar hələ də onun adını pıçıldayır. Təbrizin küləkləri yarımçıq qalmış arzularını daşıyır. Güney Azərbaycanın hər daşı, hər qayası, hər məktəbi Səməd Behrənginin izlərini yaşadır.
Belə insanlar ölmürlər.
Onlar bir millətin yaddaşına çevrilirlər.
Onlar hər dəfə ana dilində yazılan bir kitabda, azadlıq haqqında deyilən bir sözdə, haqq uğrunda mübarizə aparan bir gəncin baxışlarında yenidən doğulurlar.
Ruhun şad olsun, böyük ustad!
Sənin ömrün cəmi iyirmi doqquz il çəkdi, amma adın əsrlərə yazıldı. Sənin qələmini qıra bilmədilər, çünki o qələm artıq milyonlarla insanın vicdanında yazmağa davam edir.
Sona Abbasəliqızı
Prezident mükafatçısı
Araşdırmaçı-tədqiqatçı

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top