Tarixə yalnız xəritələrdən baxmaq olmaz. Bəzən bir kənd adı, bir qəbir daşı, bir məscidin yeri, bir məktəb binası, bir ailənin qoruduğu köhnə sənəd bütöv bir xalqın həmin torpaqdakı həyatından xəbər verir.
Bu baxımdan Qərbi Azərbaycan məsələsi yalnız keçmişdə baş vermiş hadisələrin xatırlanması deyil. Bu, tarixi irsin araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması məsələsidir.
Bu gün bizim qarşımızda mühüm bir vəzifə dayanır indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadığı kəndlərin, şəhərlərin, yaşayış məntəqələrinin və mədəni irs nümunələrinin tarixini sistemli şəkildə toplamaq.
Çünki zaman dayanıb bizi gözləmir.
Bir vaxtlar həmin kəndlərdə yaşayan insanlar artıq yaşlanır. Onların xatirələri ilə birlikdə bir çox məlumat da itə bilər. Bu gün bir kəndin küçələrini, qonşularını, bulağını, məktəbini, məscidini, qəbiristanlığını xatırlayan insan sabah olmayacaq. Onun bildikləri isə yazıya alınmasa, yaddaşla birlikdə yox ola bilər.
Ona görə hər bir xatirənin öz dəyəri var.
Amma xatirə ilə kifayətlənmək olmaz.
Xatirə sənədə çevrilməlidir.
Ailə arxivləri toplanmalıdır. Köhnə fotoşəkillər qorunmalıdır. Sənədlər, məktublar, doğum və nikah haqqında məlumatlar, torpaq sənədləri, köhnə xəritələr araşdırılmalıdır. Kəndlərin əvvəlki adları, əhalisi, məktəbləri, ibadət yerləri, qəbiristanlıqları və digər maddi-mədəni izləri sistemləşdirilməlidir.
Bu, keçmişə ilişib qalmaq deyil.
Əksinə, keçmişi düzgün öyrənərək gələcəyə daha möhkəm dayanmaqdır.
Bizim ən böyük səhvlərimizdən biri bəzən bildiyimiz həqiqətləri yazılı şəkildə qorumağı gecikdirməyimizdir. “Biz onsuz da bilirik” düşüncəsi tarix üçün təhlükəlidir. Çünki insan bilir, amma insan dəyişir. Nəsillər dəyişir. Şahidlər azalır. Yazılmayan məlumat isə bir müddət sonra yalnız yaddaşın kölgəsində qalır.
Bu səbəbdən Qərbi Azərbaycan irsinin öyrənilməsi yalnız bir nəslin işi olmamalıdır.
Tarixçilər, tədqiqatçılar, arxivçilər, dilçilər, toponimika üzrə mütəxəssislər, jurnalistlər və ən əsası, həmin yerlərdən olan insanlar bu prosesdə öz sözünü deməlidir.
Hər kəndin öz tarix kitabı olmalıdır.
Hər ailənin qoruduğu sənəd gələcək üçün mənbəyə çevrilməlidir.
Hər yaşlı insanın yaddaşında qalan məlumat yazıya alınmalıdır.
Çünki bir xalqın tarixi yalnız böyük hadisələrdən ibarət deyil. Onun tarixi həm də evlərində, məktəblərində, məhəllələrində, qəbiristanlıqlarında, dilində, adətində və yer adlarında yaşayır.
Mənim üçün Göyçə də belə bir yaddaşdır.
Amma bu yaddaş yalnız mənim şəxsi xatirəm deyil. Onu gələcək nəslə çatdırmaq mənəvi məsuliyyətdir.
Biz uşaqlarımıza yalnız “bizim orada evimiz vardı” deməməliyik.
Onlara həmin evin harada olduğunu, kəndimizin adını, tarixini, kimlərin orada yaşadığını, hansı məktəbdə oxuduğumuzu, hansı bulaqdan su içdiyimizi, hansı dağın hansı adla tanındığını da anlatmalıyıq.
Çünki yurdun yaddaşı insanla birlikdə yaşamamalıdır.
Yurdun yaddaşı kitabda, sənəddə, arxivdə və gələcək nəslin şüurunda yaşamalıdır.
Bu gün bizim vəzifəmiz yalnız xatırlamaq deyil.
Araşdırmaqdır.
Sənədləşdirməkdir.
Yazmaqdır.
Qorumaqdır.
Və ən əsası, öz tariximizi başqalarının bizim üçün yazmasını gözləməməkdir.
Çünki tarix boşluq sevmir.
Əgər biz öz həqiqətlərimizi elmi əsaslarla, sənədlərlə və faktlarla yazmasaq, həmin boşluğu başqalarının yozumları doldura bilər.
Ona görə Qərbi Azərbaycan yaddaşını qorumaq keçmişə baxmaq deyil.
Gələcəyə sahib çıxmaqdır.
Sona Abbasəliqızı
Prezident mükafatçısı
Yazıçı-jurnalist
Tarixi roman yazarı

Biz öz dədə-baba yurdlarımıza hökmən qayıdacağıq. Sağ olun Sona xanım, bu araşdırmanıza görə!