Yazar: Sona Abbasəliqızı İsmayılova
Bəzi yerlər insanın həyatında sadəcə bir coğrafi məkan olmur. Elə torpaqlar var ki, insanın yaddaşına uşaqlıqdan hopur, adı çəkiləndə ürəyində qəribə bir nisgil, gözlərində isə doğma mənzərələr canlanır. Mənim üçün Göyçə belə bir yerdir.
Mən Göyçə mahalında, Ardanış kəndində dünyaya göz açmışam. Həyatımın ilk yaddaşları bu torpağın havası, suyu, dağları, insanları və doğma kəndimin mənzərələri ilə bağlıdır. İllər keçsə də, insanın doğulduğu torpaq yaddaşdan silinmir. Əksinə, zaman keçdikcə həmin torpağın mənəvi dəyəri daha da böyüyür.
Göyçə adı mənim üçün yalnız xəritədəki bir məkanın adı deyil. Göyçə uşaqlığımın, ailəmin, nəslimin, xatirələrimin və mənəvi köklərimin adıdır. Orada hər daşın, hər yolun, hər bulağın, hər dağın insan üçün bir xatirəsi var.
Göyçənin təbiəti də insanın yaddaşında xüsusi iz buraxır. Göyçə gölü, uca dağlar, yaylaqlar, bulaqlar və kəndlər bu yurdun təkrarolunmaz mənzərəsini yaradırdı. Bu gözəlliklər yalnız təbiət hadisəsi deyildi, onlar orada yaşayan insanların həyatının bir parçası idi. İnsan torpağı ilə birlikdə yaşayır, onunla nəfəs alır, onunla böyüyürdü.
Mənim üçün Göyçə həm də bir nəslin yaddaşıdır. Çünki yurd yalnız evlərdən ibarət deyil. Yurd ata-baba məzarları, ailə xatirələri, nəsil tarixləri, söylənən bayatılar, uşaqlıq səsləri və insanın ürəyində daşıdığı mənəvi bağlardır.
İllər əvvəl doğma yurddan ayrılmaq məcburiyyətində qalmaq insan həyatında silinməz iz buraxır. Lakin insan doğma torpağından uzaqda yaşasa da, o torpağı öz içində yaşada bilər. Mən də illərdir Göyçəni öz yaddaşımda, yazılarımda və düşüncələrimdə yaşadıram.
Bu gün Göyçə haqqında danışmaq mənim üçün sadəcə keçmişi xatırlamaq deyil. Bu, tarixə, yaddaşa və gələcəyə münasibətdir. Çünki xalqın yaddaşı qorunmasa, tarix də zamanla yaddaşlardan silinməyə başlaya bilər.
Bizim borcumuz doğulduğumuz torpaqların tarixini, mədəniyyətini və mənəvi irsini gələcək nəsillərə çatdırmaqdır. Xüsusilə gənclər bilməlidirlər ki, onların ailələrinin, babalarının və nənələrinin hansı torpaqlardan gəldiyini, həmin torpaqlarda necə bir həyat qurulduğunu, hansı mədəni irsin formalaşdığını.
Göyçə mənim üçün keçmişdə qalan bir xatirə deyil. O, bu gün də mənimlə yaşayan bir doğmalıqdır.
İnsan bəzən illərlə uzaqda yaşaya bilər, amma doğulduğu torpaqdan uzaq düşmür. Çünki doğma yurd insanın ayağının dəydiyi ilk torpaq olmaqla yanaşı, ürəyində daşıdığı ilk ünvandır.
Mən Göyçəni xatırlayanda yalnız bir mahalı deyil, uşaqlığımı, köklərimi və mənəvi dünyamın başlanğıcını xatırlayıram.
Və inanıram ki, yaddaş yaşadıqca yurd da yaşayır.
Göyçə mənim yaddaşımda yaşayır.
Mənim Göyçəm..
